(Go: >> BACK << -|- >> HOME <<)

Ərəstun Oruclu sənədlərini MSK-ya təqdim edə bilmir

Ərəstun Oruclu. Foto: sosial şəbəkə

“Plan odur ki, müxalif mövqeli namizəd seçkiyə qatıla bilməsin”

Siyasi şərhçi Ərəstun Oruclu fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisində namizəd olmaq üçün sənədlərini bir neçə gündür ki, Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilmir.

O deyir ki, səbəb bürokratik əngəllərdir.

Bu barədə Ərəstun Oruclu özü Meydan TV-yə danışıb.

Ərəstun Oruclu ölkədən kənarda olduğundan bir nəfərə onlayn etibarnamə verməlidir.

Onun sözlərinə görə, bu məsələni çox mürəkkəbləşdiriblər:

“Notariusla əlaqə saxlayıram, amma o qədər bürokratik əngəllər yaradıblar ki, vaxtı uzadırlar. Ona görə xaricdən etibarnamə alıb göndərdim, amma bu sənədin Azərbaycanda işləyib-işləməməsi başqa sualdır. Dekabrın 30-da isə dövlət idarələri günortaya qədər işləyəcək. Etibarnaməmi verdiyim şəxs bu gün sənədlərimi MSK-ya verməlidir, yaxın 1 saatda bilinəcək. Əgər qəbul etsələr, 5 gün ərzində mənə imza vərəqələri verməlidirlər”.

“Nəzərə alın ki, imza vərəqələrini yanvarın 3-də verməlidirlər, özü də qəsdən axşam verirlər. 7 yanvarda imza vərəqələri MSK-ya təhvil verilməlidir. İndi sual edirəm, 4 günə 40 min imza toplamaq realdırmı? Fərz edək ki, günə 1000 imza toplayan 40 nəfərlik komandamız var, hətta topladıq da… Bəs imza vərəqələrində 100, 200 imzanı etibarsız çıxaranda necə olacaq?!” – deyə o bildirib.

Oruclunun dediyinə görə, hazırda sənədlərin təqdimetmə mərhələsində elə sistem formalaşdırılıb ki, müxalif mövqeli namizəd seçkiyə qatıla bilməsin:

“Görünən prosesin bir hissəsi də o idi ki, müəyyən qədər idarə olunmayan, ya az idarə edilən, ya da polemikada hissə qapılanları seçkiyə dəvət etməyiblər. Mən ad çəkmək istəmirəm, amma ictimaiyyət onları yaxşı tanıyır. Beləliklə, budəfəki seçki planı ondan ibarətdir ki, müxalifət seçkiyə getməsin, o cümlədən, impulsiv adamlar da”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürüblər.

Prezidentliyə namizədliyini verən deputatların hər biri hakimiyyətyönümlü partiyanın sədridir.

Digər namizədlər də hakimiyyətə yaxınlığı ilə tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSeçki 2024Ərəstun Oruclu sənədlərini MSK-ya təqdim edə bilmir