(Go: >> BACK << -|- >> HOME <<)

Bu gün: 5 Dekabr 2008, Cümə

 

 
 
 

 

Azad Qarabağ - 9-cu səhifə

Yuxarı Qarabağın yaşayış məntəqələri

Şuşa rayonu:

Allahqulular kəndinin əvvəlki adı Allahquluuşağı olmuşdur. Kənd Xəlfəli elatının Allahqulu nəsli tərəfindən salınmışdır.

Böyük Qaladərəsi kəndinin əvvəlki adı Köhnəkənd, sonralar Kirov olmuşdur. Toponimin tərkibindəki qala sözü Şuşa qalasına işarədir.

Çaykənd kəndi çay kənarında yerləşdiyinə görə belə adlanır. Türk dilindəki çay və kənd sözlərindən ibarətdir.

Daşaltı kəndi XVIII əsrdə Zəngəzurun Düzəbürd kəndindən gələn türk tayfaları tərəfindən salınmış, sonradan buraya erməni ailələri də köçürülmüşdür. Türk dilində daş, qaya altında yerləşən kənd mənasını verir.

Dükanlar kəndinin adı bir neçə formada izah olunur. Onu burada bir neçə dükanın, satış məntəqəsinin olması, dük (tük) türkdilli qıpçaq tayfasının adı, Tuğan şəxs adı, Rəvan əyalətindəki Dükan kəndinin adı ilə izah edənlər vardır.

Göytala kəndinə ermənilər buraya gələndən sonra Qanaçtala deyirdilər. Qanaç erməni dilində "göy", "yaşıl" deməkdir. 1991-ci ildə kəndin qədim türk adı bərpa edilmişdir.

Xanlıqpəyə kəndi burada Qarabağ xanlığının at ilxıları saxlandığına görə belə adlanmışdır. Türk dilində heyvanların saxlandığı yer mənasını verir.

Xəlfəli kəndi türk Şahsevənlər tayfasının xəlfəli qolu tərəfindən salınmışdır. Söz türk dilində "xəlifə xidmətində olanlar" mənasını  verir. Mollaxanalarda şagirdlər içərisindən təyin olunan sinif nümayəndəsinə də xəlfə deyirdilər.

İmamqulular kəndi - türk şəxs adı ilə bağlıdır. Toponimi "İmam" və "qulu" komponentləri ilə mənalandıranlar da var.

Qeybalı kəndini (xalq arasında Qayıbalı da deyirlər) Xoy mahalındakı Qeybəyli kəndindən köçüb gəlmiş əhali salmışdır. Kəndin adını "cəsur", "mərd", "möhkəm" sözləri, türk oğuz "qayı (kayı)" tayfasının adı ilə izah edirlər.

Qullar kəndi özündə Qul (kul) türk tayfasının adını daşıyır. Bu tayfa bulqarların və qıpçaqların bir qolunu təşkil etmişdir.

Quşçular kəndi Quşçu türk tayfasının adı ilə bağlıdır. Bəzi tədqiqatçılar Quşçuları qara hunların bir qolu, digərləri isə Sarmat tayfalarının qusilər qolu ilə əlaqələndirirlər. Burada Aşağı və Yuxarı Quşçular kəndləri də var.

Laçınlar kəndinin adı türk  oğuz tayfalarının Laçın qolu ilə əlaqələndirilir. Mənbələrdə məşhur hind şairi Ə.X.Dəhləvinin  atası Əmir Mahmud Şəms Laçının həmin tayfadan olduğu bildirilir. XIII əsrin sonlarında Misir sultanı olmuş Laçın Əl-Mənsuri də  bu tayfadandır. O, Dəməşqin yaxınlığında Xan Laçın qalası da tikdirmişdi. Laçın adlı, cəsurluq rəmzi hesab edilən quş da olmuşdur. Bəzi tədqiqatçılar Laçın sözünü yalçın (sıldırım) türk deyimi ilə də izah edirlər.

Malıbəyli kəndi  Malıbəy adlı şəxs tərəfindən salındığına görə belə adlanmışdır. Bəzi məlumatlara görə, Laçın rayonunun Malıbəy kəndindən gələn əhali tərəfindən salınmışdır. Kəndin adını Malı tayfası ilə  bağlayanlar da var.

Məmişlər kəndi - türk xəlfəli tayfasının Məmişlər nəslinin adı ilə bağlıdır.

Mirzələr kəndi həmin türk xəlfəli tayfasının Mirzələr nəslinin adı ilə bağlıdır.

Paşalar kəndi Paşa şəxs adı ilə əlaqədardır. Yerli məlumatlara görə, qonşu Şırlan kəndindən köçüb gəlmiş Paşa adlı şəxs tərəfindən salınmışdır.

Salatınkənd ermənilər tərəfindən qətlə yetirilmiş jurnalist Salatın Əsgərovanın şərəfinə adlandırılmışdır. XIX əsrdə köçüb gəlmiş ermənilər tərəfindən salınmış kəndin əvvəlki adı "Yextsahoğ" olmuşdur ("yexts" - kilsə, "hoğ" - yer deməkdir).

Səfixanlar kəndi Səfixan şəxs adı ilə bağlıdır.

Şırlar kəndi yaxınlıqdakı bulaq və çayın adı ilə bağlıdır. Türk dilində "gur axan" mənasını verir. Burada da türk xəlfəli tayfaları yaşamışlar.

Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən müxtəlif yerlərdə Şuşa, Şoşu, Şuşi formalarında yaşayış məntəqələri, yer adları olmuşdur. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər.

Turabxan kəndi  şəxs adı  ilə bağlıdır.

Turşsu qəsəbəsinin adı yaxınlıqdakı eyni adlı mineral bulaqla bağlıdır. Bu yaşayış məntəqəsi 1972-ci ilə qədər Lısoqorsk (yaxınlıqdakı Keçəldağın rus dilinə tərcüməsinə uyğun olaraq) adlanmışdır. Kənddə XX əsrin əvvəllərində Rusiyadan köçürülmüş ruslar yaşayırdılar.

Yengibar kəndini şəxs adı ilə izah edirlər.

Zamanpəyəsi kəndini Zaman şəxs adı və pəyə (tövlə) sözü ilə izah edirlər. Kəndin əsasını xəlfəli tayfasına məxsus ailələr qoymuşlar.

Zarıslı kəndini Zar tayfasının adı ilə bağlayırlar. Digər versiyaya görə, "Allaha inanan, dindar el" mənasını da verir.  

Xocalı rayonu:

Ağbulaq kəndinin əvvəlki adı Talıbxanbəyli olmuşdur. Yaxınlıqdakı bulağın üzə çıxdığı yerdə süxurların ağ olduğunu bildirir.

Ağgədik kəndinin əvvəlki adı Ağdar, sonralar Kötük, Kətük olmuşdur. Türk dilində ağ (süxurların rənginə görə) və gədik (dağ belində çökəklər) sözlərindən ibarətdir.

Almalı kəndinin adını ermənilər ( XIX əsrdə buraya köçürüləndən sonra) hərfi mənada tərcümə edərək "Xıdırıstan" etmişdilər. Erməni dilində "xıdzor" alma deməkdir. Kənd ermənilər buraya gələnə qədər çoxlu alma ağacları olduğuna görə türk dilində Almalı adlandırılmışdır.

Aranzəmin kəndi bir müddət Mirzəbəyli (Mirzənin yurdu) də adlanmışdır. Burada  XIX əsrdə İranın Qarabağ mahalından köçürülmüş ermənilər yaşamışlar. Aranzəmin sözü türk dilində "aran yeri" mənasını verir.

Aşağı Qılıncbağ kəndi Qılınc şəxs adı və bağ sözü ilə izah olunur. XIX  əsrdə buraya köçürülmüş ermənilər kəndin adını Nerkin Qılıncbağ şəklinə salmışlar. "Nerkin" ermənicə aşağı deməkdir. Amma kəndin türk adını (Qılıncbağ) dəyişə bilməmişlər.

Badara kəndinin adı Azərbaycan dilinin bəzi dialektlərində "kiçik əkin yeri" mənasını verir.

Ballıca kəndi Gəncə qəzasındakı Əhmədbəyli kəndinin yaylaq yeri olub, XIX əsrdə buraya İrandan ermənilər köçürülüb. Kəndin adı Ballıca dağ bitkisi ilə bağlıdır.

Başkənd kəndinin adı türk dilində "yuxarıda, başda yerləşən kənd" mənası ilə izah olunur.

Beşdəllər kəndinin adı türk dilində "beş dəli" yozumu ilə mənalandırılır.

Bəhlulun kəndi şəxs adı ilə bağlıdır.

Qayabaşı kəndinin adı türk dilində qaya üstü mənasını verir.  XIX əsrdə cənubi Azərbaycanın Dəhrəv kəndindən gələn ermənilər burada məskunlaşdıqdan sonra həm də Dəhrəv adlandırılmışdır.

Qarabulaq kəndinin adı türk dilində "böyük bulaq" mənasını verir.

Qaragav kəndinin adı qara (türk dilində "böyük"), gov (fars dilində "çətin keçilən dağ aşırımı") sözlərinin birləşməsindən yaranmışdır.

Qışlaq kəndi mal-qaranın qışladığı yer olduğuna görə belə adlanmışdır.

Dağdağan kəndi orada dağdağan ağacı çox olduğuna görə belə adlandırılmışdır.

Daşbaşı kəndinin adı türk dilində qaya üstündə kənd yozumunu verir.

Daşbulaq kəndi yaxınlıqdakı eyni dağın adı ilə adlandırılmışdır.

Daşkənd kəndini XIX əsrdə buraya köçürülən ermənilər  Daşuşen adlandırmışlar, yəni türk dilindən hərfi tərcümə etmişlər.

Dəmirçilər kəndi - türkdilli Dəmirçilər nəslinin adı ilə bağlıdır. Tarixçi Şəhabəddin Nəsəvi (XIII əsr) Dəmirçilər tayfasını Çingiz xanın nəsli ilə əlaqələndirir.

Dəhrəz kəndində  XIX əsrdə İrandan köçürülmüş ermənilər məskunlaşmışlar, kəndin adının mənası aydınlaşdırılmamışdır.

Əsgəran qəsəbəsinin adı türk dilində əski, köhnə, qədim və aran sözləri ilə izah olunur. Bəzi mənbələrdə Mets (ermənicə "böyük") Aran formasında adı çəkilir.

İlis kəndində XIX əsrdə İrandan köçürülmüş ermənilər məskunlaşmışlar, kəndin adının mənası aydınlaşdırılmamışdır.

Yalobakənd kəndinin adı türk dilində "dağın üstündə olan oba, kənd" mənasını verir.

Kərkicahan qəsəbəsinin adı türk Ersarı tayfasının kərki qolu ilə bağlıdır.

Kətük kəndinin adını Albaniyanın Ketik məbədi ilə əlaqələndirirlər. Kətük, ketük, gədik eyni mənalı söz olub, türk dilində "dağ üstündə çökəklik" mənasını verir.

Kosalar kəndinin adı türk xəlfəli tayfalarının Kosalar tirəsi ilə bağlıdır. Kəndi Zəngəzurun Kosalar (Ağoğlan) kəndindən köçmüş əhali salmışdır.

Mehdibəyli kəndinin adını XIX əsrdə  ermənilər İrandan buraya gətiriləndən sonra Mehdişen formasına dəyişmişlər. Amma türk şəxs adı ilə bağlı olan söz birləşməsinin kökünü  (Mehdi, Mehdi bəy) saxlamağa məcbur olublar.

Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır.

Mədətkəndə XIX əsr Rusiya-İran müharibələrinin iştirakçısı, erməni generalı Mədətovun mülkiyyətinə verildikdən sonra belə adlandırılmışdır.

Mikayıllı kəndi Azərbaycan-Ermənistan müharibəsində həlak olmuş Mikayıl Cəbrayılovun şərəfinə adlandırılmışdır.

Mirzəkəndin adı türk xəlfəli tayfasının mirzələr qolu ilə əlaqələndirilir.

Naxçıvanlı kəndi Naxçıvandan köçüb gələn ailələr tərəfindən salındığına görə belə adlandırılıb. Ermənilər kəndin adını Naxçıvanik kimi də təqdim edirlər.

Pircamal kəndi  Beyləqanın ərazisindəki Pircamal pirinin yaxınlığında yaşayan əhali tərəfindən salındığına görə belə adlandırılmışdır.

Rev kəndi ermənilər XIX əsrdə buraya köçürüldükdən sonra belə adlandırılmışdır. Adın mənası aydınlaşdırılmamışdır. Əvvəlki adı Şəlvə olmuşdur.

Sığnax kəndinin adı türk dilində müdafiə məqsədi ilə istifadə olunan "sığınacaq yeri" mənasını verir.

Suncinka kəndinin adı 1847-ci ildə rusların burada yerləşdirildikləri Sunca alayı ilə bağlı olmuşdur.

Tağaberd kəndi ətraf kəndlərdən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Kəndin adı türk dilindəki tağ (tikinti konstruksiyası) və erməni "berd" sözündən əmələ gəlmişdir.

Təzəbin kəndi (bəzən Təzəkənd də deyirlər) uzun müddət Keşişkənd kimi də tanınmışdır. XIX əsrdə buraya köçürülən  ermənilər kəndin adını türk dilindən hərfi tərcümə edərək "Noragüğ" (Noraguz), yəni "təzə, yeni kənd" şəklində işlətmişlər.

Ulubab kəndinin adı türk dilində "ulu" (böyük, əzəmətli, qədim, müqəddəs) və bab (babi piri) sözlərindən yaranmışdır.

Fərrux kəndi türk şəxs adı ilə bağlıdır.

Xanabad kəndinin adı türk dilində "xanın saldığı kənd" kimi izah olunur.

Xanbağı yaşayış məntəqəsi Qarabağın sonuncu hakimi Mehdiqulu xanın şəxsi mülkü olduğuna görə belə adlanmışdır.

Xanyeri kəndi Qarabağ xanlarının olduğu məntəqə kimi belə adlanmışdır. XIX əsrdə buraya köçürülən ermənilər adı dəyişdirə bilməmiş, lakin "Xantsk" şəklində işlətmişlər.

Xanyurdu kəndi xana məxsus olduğuna görə türk dilində belə adlandırılmışdır. XIX əsrdə buraya köçürülən ermənilər kəndin adını "Xanadzax", "Xənəzək" formalarına dəyişdirmişlər.

Xankəndi şəhərini Qarabağlı Mehdiqulu xan saldığına görə, belə adlandırılmışdır. 1923-cü ildə ermənilər bu şəhərə Azərbaycan xalqına qarşı soyqırımın təşkilatçısı Stepan Şaumyanın adını vermişlər (Stepanakert).

Xaçmaz kəndinin adı bəzən "Xaçmaç" formasında da yazılır. Hər iki halda türk dilində "Xaç olan yer" mənasını verir. Buradakı sütun abidənin üzərində alban xaçı olduğuna görə belə adlandırılmışdır. Burada Köhnə Kətük kəndindən gələn ermənilər məskunlaşmışlar.

Xəlilli kəndinin adı türk Xəlilli tayfası ilə bağlıdır.

Xocalı şəhəri türk Xocalı tayfası tərəfindən salındığına görə belə adlanmışdır.

Xramort kəndinin əvvəlki adı Pirkənd, türk dilində "pirli kənd" olmuşdur. Sonradan ermənilərin bu kəndə verdikləri ad "Xramort" ("Xoramud" gürcü və erməni dillərində "dərədən axan dərin yataqlı çay") mənasını verir.

Harov kəndi  Cənubi Azərbaycanın Horov kəndindən gələn ailələr tərəfindən salındığına görə belə adlanmışdır, fars dilində "isti su" yaxud "qala" mənalarını verir.

Həsənabad kəndi şəxs adı ilə bağlıdır.

Çanaqçı kəndinin sakinləri əsasən çanaq və digər məişət əşyaları düzəltdiklərinə görə, yaşayış məntəqəsi belə adlandırılmışdır.

Cavadlar kəndi türk Cavadlar nəslinin adı ilə bağlıdır.

Cəmilli kəndi Qazax mahalından köçmüş türk Cəmillilər tayfasının adı ilə bağlıdır.

Şəlvə kəndinin adı türk dilində "bulanıq su" mənasını verir. Ermənilər XIX əsrdə buraya köçdükdən sonra kəndi "Rev" adlandırmışlar.

Şuşikənd kəndi türk Şoşu, Şoşi tayfalarının  adı ilə bağlıdır.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 8 9 10 ... 16

Sənədin sonuncu korrektə tarixi: 2/4/2006 - 16:26:17
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012531