(Go: >> BACK << -|- >> HOME <<)

MİA

  • 6 515

Erməni analitik: Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa yolu qalmayıb – MÜSAHİBƏ

image

"Fransa bazaları regionda yeni risklərlə yeni reallıqlar yaradacaq ki, bu da Ermənistana heç də lazım deyil"

Tanınmış erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan "Caliber" analitik mərkəzinə müsahibəsində Ermənistanın yürütdüyü siyasət, daşnakların sülh prosesinə mane olması, Paşinyanın mövqeyi haqda maraqlı fikirlər səsləndirib. Müşahibəni oxucularımıza təqdim edirik.

— Cənab Verdyan, Ermənistandakı hazırkı etiraz potensialını necə qiymətləndirirsiniz? O, indiki hakimiyyət üçün təhlükə yaradırmı? Sizcə, bunun arxasında hansı qüvvələr dayanır?

- Hesab edirəm ki, Ermənistandakı hazırkı etiraz hərəkatları bu baxımdan baş nazir Paşinyanın siyasi kursuna təsir etmək potensialına malik deyil, onlar ölkə hakimiyyəti üçün heç bir təhlükə yaratmır. Digər məsələ isə odur ki, əslində dövlət cinayətkarları klanı olan Qarabağ klanının təmsilçiləri və davamçıları olan qondarma etirazçılar Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanandan sonra da hər cür təxribatları, terror aktlarını təşkil etməklə nizamlanma prosesini ləngitməyə qadirdirlər.

Banditizm və terror keçmiş prezident Robert Köçəryanın və onun müttəfiqləri olan daşnakların həmişə sevimli aləti olub və əminəm ki, onlar bundan istifadə etməyə çalışacaqlar. Mənim əminliyim ondan irəli gəlir ki, sülh prosesi həmişəki kimi davam edəcək və daşnakların artıq Paşinyana təqdim edəcəkləri heç nə olmayacaq. Yəni, indiki mərhələdə Paşinyanın qarşısını ala bilməsələr, o zaman yaxın gələcəkdə simasını itirəcəklərinə, ideologiyalarının çökəcəyinə, oğurladıqları bütün saysız-hesabsız xəzinələrin dövlət mülkiyyətinə çevriləcəyinə zəmanət verilir.

Beləliklə, bu etirazlar qaçılmaz məhvlə üzləşən bir heyvanın ölüm sancılarıdır.

- Nikol Paşinyanın İrəvanın qonşularına ərazi iddialarının olmaması ilə bağlı son açıqlamalarını necə qiymətləndirirsiniz? Ermənistan rəhbərliyi gələcəkdə də bu kursu davam etdirəcəkmi?

- Baş nazir Paşinyanın bu məsələ ilə bağlı son açıqlamalarını öz yurisdiksiyasını aydın şəkildə dərk edən və ona əməl etməyə çalışan ağıllı liderin bəyanatları kimi qiymətləndirirəm. Nikol Paşinyan verdiyi vədlərə əməl edəcək, çünki onun üçün geri dönüş yoxdur. Öz ərazisindən kənarda iddiaların olmaması istənilən ölkə üçün təbii davranışdır və Ermənistan da istisna deyil və bunu etməmək Ermənistanı sadəcə məhv olacağı müharibəyə sürükləmək deməkdir. Baş nazir Paşinyan da bunu yaxşı bilir. Mübarizə aparacaq, məqsədlərinə çatacaq. Təbii ki, ona olmağa çalışacaqlar, amma xeyri yoxdur.

- Başlanmış delimitasiya və demarkasiya prosesi bunun bariz nümunəsidirmi?

- Bəli. Başlanmış sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, əslində, artıq Azərbaycanla Ermənistan arasında normal münasibətlərin nümunəsidir. Hər şey dinc şəraitdə, silahlı insidentlər olmadan, iki ölkənin dövlət idarələri arasında dialoq əsasında baş verir. Bu, münasibətlərin normallaşmasının başlanğıcı deyilmi? Bəli, mən şübhə etmirəm ki, bu yolun sonunda biz mütləq sülh müqaviləsinin imzalanması ilə üzləşəcəyik.

- Proqnozunuz ümidvericidir. Paşinyan Moskvada keçiriləcək 3 mühüm tədbirdə iştirak edəcəkmi?

- Düzünü desəm, burada Nikol Paşinyanın addımlarını və hərəkətlərini proqnozlaşdırmaq çətindir. Yalnız onu deyə bilərəm ki, o, Moskvada görüşməkdən imtina etsə, bu, onun səhvi olacaq, çünki Rusiya o qədər də kobud şəkildə diqqətdən kənarda qalmalı olan ölkə deyil. İrəvan Moskvaya qarşı iddialar səsləndirib, bu doğrudur, lakin bu iddialar Rusiyanı Ermənistanın düşməninə çevirməyə xidmət etməməlidir. Beləliklə, mənim təvazökar fikrimcə, Paşinyanın Moskvaya səfəri iki ölkə arasında hazırda mövcud olan gərginliyi azaltmağa xidmət edə bilər.

- Bu ilin sonuna qədər İrəvan Qərbə inteqrasiya istiqamətində konkret addımlar atacaqmı?

- Mənə elə gəlir ki, Ermənistanın Aİİ-dən dərhal çıxmasını və Avropa İttifaqına daxil olmasını tələb edən müxtəlif ekspertlərdən fərqli olaraq, Nikol Paşinyan Ermənistanın coğrafi mövqeyini və onun real imkanlarını düzgün qiymətləndirmək üçün kifayət qədər sağlam düşüncəyə malikdir. Ermənistanın Aİ ölkələri ilə ümumi sərhədi yoxdur ki, bu da onun bu formalaşmada birbaşa iştirakını qeyri-mümkün edir.

Digər tərəfdən, Ermənistanın Aİİ-dən çıxması üçün kifayət qədər əsasları yoxdur, xüsusən də Ermənistan iqtisadiyyatının son illərdə görünməmiş artımını təmin edən bu Avrasiya strukturunda iştirak etdiyinə görə. Nikol Paşinyan özü bildirib ki, onun məqsədi regionallaşmadır. "Biz regiona dünya vasitəsilə yox, region vasitəsilə daxil olmalıyıq"- bu onun birbaşa sitatıdır və məncə, bu, kifayət qədər əhatəli səslənir.

KTMT haqqında hələlik heç nə deyə bilmərəm, lakin nəzərə alsaq ki, Ermənistanın bu təşkilatla münaqişəsi birbaşa olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlıdır, delimitasiyanın uğurla başa çatması ilə münaqişə özünü tükəndirəcək.

- Yəni, gələcəkdə Fransa hərbi bazalarının Ermənistanda görünməsini ehtimal etmirsiniz?

- Mən Fransanın Ermənistanda hərbi bazalarının yaranmasına inanmıram. Fransa Ermənistana silah satmaq istəyə bilər və çox güman ki, bunu edəcək, lakin hərbi bazaların olması tamam başqa geosiyasi səviyyədir. Fransa bazaları regionda yeni risklərlə yeni reallıqlar yaradacaq ki, bu da Ermənistana heç də lazım deyil.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər