(Go: >> BACK << -|- >> HOME <<)

Saytımıza xoş gəlmisiniz

Dünyada ikinci hesab edilən Ağdam Çörək Muzeyi

Oxunma sayı: 440

270px-cor%c9%99k_muzeyi_agdam_2

Dünyada ikinci hesab edilən Ağdam Çörək Muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və  25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi.

Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsllərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi. Yerli mədəniyyət abidəsi kimi  dövlət tərəfindən qorunurdu. Kompleksə karvansaray da daxil idi. Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilir.

Dəyirman 1987-ci ildə tam işlək vəziyyətə gətirilir.

Muzeydə aparılan tərtibat işlərini Mədəniyyət nazirliyin bədii tərtibat idarəsinin əməkdaşı Eduard Krupkinin rəhbərlik etdiyi qrup həyata keçirir. Nümayəndə heyətinə isə muzeylər idarəsinin rəisi Səriyyə İsmayılova rəhbərlik edir.

Muzey üç əsas bölmədən ibarət idi.

Giriş birbaşa yay zalına açılırdı. Bir hissəsi örtülü olan zalın ortasında kiçik fəvvarə vardı. Buradan həm “Sünbül” kafesinə, həm mətbəxə, həm də iki kiçik yemək otağına keçmək mümkün idi. Zala girən kimi sola dönməklə sərgi salonuna daxil olurdun. Muzeyin ikinci girişi də vardı, oradan yol müdiriyyətin otağına aparırdı. Sərgi salonu hündür olduğundan onun müəyyən hissəsi alt-üst mərtəbələrə ayrılmışdı. Giriş qapısının solundan qalxmaqla antresol hissədə 20 kvadratmetrlik inzibati otaq, foye var idi. Həmin yerin yuxarısından muzeyin çardağına giriş də vardı. Çardaqda muzeyin əlavə eksponatları saxlanırdı.

mmm-1

Birinci sərgi zalının sahəsi 80 kv/m, ikincininki 30 kv/m idi. Birinci zalda gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi. Burada həmçinin  ötən əsrin 30-cu illərində istifadə edilən “Triyer” taxıl təmizləyici qurğusu sərgilənirdi. İkinci sərgi zalı da maraqlı eksponatlarla zəngin idi. Burada əmək alətləri – xış, vəl, çin, oraq, II əsrə aid əl dəyirmanı (kirkirə), “çarçar” adlı taxıldöyən nümayiş olunurdu.  Dəyirmanın sağ tərəfindəki taxta pilləkənlə ikinci mərtəbəyə qalxırdın. Burada undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri sərgilənirdi. Bundan əlavə, aşağı zalda qədim küp və  mətbəx əşyaları sərgilənirdi. Ondan sonrakı zal sırf taxılçılıq və əkinçiliklə bağlı məsələlərə həsr edilmişdi. Burada müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, müharibə dövrundə uşaqlara verilən çörək kartoçkaları, eləcə də, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi nümayiş olunurdu.

Muzeyin ştat cədvəlinə dəyirmançı ştatı da salınmışdı. Məqsəd gələn qonaqlara hazır məhsul təqdim edə bilmək üçün dəyirmanı işlək vəziyyətdə saxlamaq idi.

Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənləri diqqəti daha çox çəkirdi. Buğdanı muzeyə akademik İmam Mustafayev təqdim etsə də, dənləri Ağdamın Əfətli kəndi ərazisindəki Çalağan təpədə aparılan qazıntılar zamanı tanınmış arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İdeal Nərimanovun səyi nəticəsində tapılmışdı. Sonradan yalnız daşlaşmış buğda dənləri xilas edilərək mədəniyyət şöbəsinin  müdiri işləmiş Çimnaz Əliyeva tərəfindən Azərbaycan Tarix Muzeyinə əmanət verilir…

Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü.  Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində hədəf götürmüşdü.  Qarabag üzrə rayonlararası prokurorluğun baş müstəntiqi işləyən Zahid Vəliyev 64525 №li cinayət işinin materiallarında qeyd edilir ki, 12 avqust 1992-ci ildə Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri tərəfdən güclü raket və top atəşinə tutulmuş, nəticədə raketlərdən biri  Çörək Muzeyinə düşmüşdü. Məhz bu mərmi muzeyin varlığına birdəfəlik son qoyası oldu. Yanğını söndürməyə cəhd göstərilsə də, bu, mümkün olmur. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olur…

Muzeyin ilk direktoru Allahverdi Əsədov olub. Müxtəlif vaxtlarda  Ofelya Zeynalova (1984-1987),  Niyazi Quliyev (1987-1988)  və 1988-ci ildən sonrakı  illər ərzində Hafiz Əliyev bu vəzifədə çalışmışdır.

Hazırladı: Vüqar Tofiqli

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*